bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

Rəşad Sadıqov: “Vacib oyunda qələbə qazandıq"

16.04.2022 22:54 Oxundu 502

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma barədə təəssüratlarını bölüşüb.
"Nə lazımdırsa, onu da etməyə çalışdıq, yaxşı oyunlarımızdan birini keçirdik. İlk hissə həm oyun, həm nəticə baxımından daha yaxşı alındı. Fasilədən sonra fərqi artırmaq istəyirdik. Qol imkanlarımız da var idi. “Səbail” hesab böyük olanda da mübarizə aparan komandadır. Oyun nəzarətimizdə idi. Son dəqiqələrdə səhvə yol verdik. Bu gün oyunçuların stress altında olduğu hiss olunurdu. Ramazan ayıdır, oruc tutan futbolçularımız çoxdur. Bu, onların fiziki formasına təsir edir. 2:0 sürüşkən hesabdır, fərqi artırmaq istəyirdik. Amma oyun elə getdi ki, sona qədər heç kimə istirahət verə bilmədik. Coşqun vərəqə limitindədir, onu bir az qoruya bildik. Bəzən verdiyimiz qərarlar qeyri-standart olur. Futbolçunun mövcud durumunu bilmək çətindir. Düz bildiklərimizi etməyə çalışacağıq. Şükürlər olsun, qəza baş vermədən vacib oyunda qələbə qazandıq".
Mütəxəssis Təmkin Xəlilzadəyə istirahət verməsinin səbəbini açıqlayıb: "4-5 gündən bir oyuna çıxırıq. Elə şeylər var ki, açıqlaya bilmirəm. Çünki rəqiblərə məlumat vermiş oluram. Hər futbolçu mənim üçün aparıcıdır. Rotasiyalar daha çox olacaq. Sıx qrafikdə rotasiyalar etməyə məcburam”.
Sadıqov hədəflərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu diqqətə çatdırıb: "Hər hansı planımız yoxdur. İdman elə bir şeydir ki, nəyəsə proqnoz vermək mümkün deyil. Mövsümdən öncə hədəf avrokubok idi. İndi şans varsa, daha artığını istəyə bilərik. Gedişatdan çox şey asılıdır. İlk hədəfimiz avrokuboklara düşməkdir. Necə olmasının fərqi yoxdur. Bəlkə avrokuboklardan da kənar qalacağıq. Nə olacağını hələ bilmirik".