"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra təəssüratlarını bölüşüb:
"Kubok oyunu çempionat matçından fərqli olur. Burada komandalar daha istəkli oynayırlar. Çünki cütün taleyi iki oyundan ibarətdir. 3:1 hesablı qələbə qazansaq da, futbolçular əziyyət çəkdilər. Komandamdan razı qaldım, çünki sona qədər qələbə üçün oynadılar. Rəqibin hesabı açmasına təəccüblənmədim. Onların əvvəlki matçlarını da izləmişəm. Mübarizəyə görə, bəlkə də, çox oyunda məğlubiyyətə layiq deyildilər. Çox sürətli əks-hücumları var. “Qəbələ” istənilən an qol vurmağı bacaran komandadır. Bu gün qol buraxmağımızı istəmirdim. Amma yekunda qələbə qazanmağımıza görə şadam.
Həm Premyer Liqanın növbəti turunda, həm də kubokun cavab qarşılaşmasında “Qəbələ” ilə ardıcıl oyunlar keçirəcəyik. Bu, oyunçu üçün xoş hal deyil. Bəlkə də, son illər belə halla üzləşməmişdik. Səfərdə qalıb, daha bir matçı burada keçirəcəyik. Yenə də yaxşı hazırlaşmağa çalışacağıq ki, növbəti oyunlarda da uğurlu çıxış edək. Hər il hər turnirdə maksimum yaxşı nəticə göstərmək istəyirik. Son neçə ildə bu alınmırdı. Bu mövsüm şansımız var, bundan istifadə etməyə çalışacağıq. Həm kuboku, həm də çempionatı qazanmaq istəyirik. Qarşıda hələ cavab oyunu var, çempionat da davam edir. Bəli, şanslarımız var. Bu il hər iki turnirin qalibi olsaq, buna sevinərik. Bunu nə dərəcədə bacaracağıq, qarşıdakı oyunlar göstərəcək”.
Baş məşqçi Patrik Andradenin müqaviləsini uzatmaq üçün klubdan böyük məbləğ tələb etməsi ilə bağlı iddialara da cavab verib: "Patriklə danışıqlar gedir. Onun klubla müqaviləsi iyunda bitir. Hər futbolçu öz oyununu yaxşılaşdırdığı kimi, yaşam tərzini də yaxşılaşdırmaq istəyir. Ona görə də bu məsələyə normal yanaşıram. Ola bilər ki, daha çox üzdə olub, təklifləri çoxdur. Belə düşüncəsi ola bilər. Hər halda burada qlobal problem görmürəm. Onunla dost kimi danışıq gedir. Düşünürəm ki, yaxşı olar. Hər zaman çalışırıq ki, kim nəyə layiqdirsə ona qarşılığını verək. Neçə illərdir ki, bu işin içindəyəm və bu məsələyə pis baxmıram".