"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb:
"Yaxşı oyun alındı. Hər iki komanda istəkli idi, səhv etməkdən çəkinirdi. İlk hissədə üstünlük bizdə olsa da, ikinci yarıda oyun meydanın mərkəzində keçdi. Komandamın çıxışından razıyam. Futbolçular bu gün oyunu yüksək səviyyədə keçirdilər. Kubok matçları fərqlidir. İlk hissəni oynadıq. Qarşıda bizi çempionat və kubokun cavab oyunu gözləyir".
Baş məşqçi iki cəbhədə mübarizə aparmağın çətin olduğunu söyləyib: "Belədə vaxt az qalır. "Neftçi" ilə eyni vəziyyətdəyik. Amma məşqçilər üçün çətindir. Bəzən bizi Avropa ilə müqayisə edirlər. Amma bu, düzgün yanaşma deyil. Hər şey aşağı yaş qruplarından başlamalıdır. Millidə də bu problem olur. Futbolçularımız buna baxmayaraq, əzmkarlıq göstərirlər. Bütün oyunlar bizim üçün önəmlidir".