"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Şamaxı"ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sinra keçirilən mətbuat konfransında matç haqda fikirlərini bölüşüb:
"Nəhayət, komandamı qələbə münasibətilə təbrik edə bilərəm. Axır ki, müsbət nəticə qazandıq. Həqiqətən yaxşı oynadıq. Səylərimizin nəticəsində qalib gələ bildik. Bu gün azarkeşlərin fantastik dəstəyi var idi. Bu, səbr, dözümün nəticəsində mümkün oldu. İlk 30 dəqiqədə oynamaq çətin idi. Bundan sonra komandanın özünə inamı artdı və 3 xal qazandıq".
Baqanın sözlərinə görə, Anatoli Nuriyevin də digər oyunçular kimi qələbədə rolu oldu: "O, uzun müddət idi məşq etmirdi. Nuriyev özünü həm hücumda, həm də müdafiədə göstərdi. Hələ öz bacarığından aşağı səviyyədə çıxış etsə də, potensialı çox böyükdür. İnanıram ki, gələcəkdə özünü göstərəcək. Cəmaləddin Xocaniyazovun cəzası, zədələr dəyişikliklərə gətirib çıxardı. İlk dəfə Höcət Haqverdi - Hüseynov tandemi çıxış etdi. Qol buraxmağa imkan vermədilər. Son oyunlarda cərimə meydançasına ötürmələrlə bağlı problemlərimiz olur. Xüsusən də hücum xəttində ucaboy futbolçu oynayırsa, topları dəqiq göndərmək lazımdır. İstər hava, istərsə də yerlə ötürmə rəqib qapısı qarşısında problem yaradır. Bu gün məqsəd topu dəqiq göndərmək idi ki, bunu da bacardıq".