bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

İCRAİYYƏ KOMİTƏSİ

19.05.2022 16:33 Oxundu 805
Zaman keçdikcə Məzahir Süleymanzadənin yoxluğu daha çox hiss olunacaq.
Bu günlərdə onun 2006-2007-ci illərdə qəzetimizdə yazdığı yazıları yenidən oxuyuram.
Oxuduqca da onun yoxluğunun hiss olunacağı qənaətim daha da güclənir. 
Həmin yazılardan birini oxucularımızın mühakiməsinə verməyi lazım bildim.
Yazı sanki bu gün yazılıb. Buyurun, siz də oxuyun. Bəlkə, mən səhv düşünürəm?!

Ürfan Məmmədli

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında İcraiyyə Komitəsinin oynadıgı rol hamıya məlumdur. Mən özüm uzun illər AFFA İcraiyyə Komitəsinin üzvü olmuş, qəbul edilən qərarlara münasibət bildirmişəm. Belə qənaətə gəlmişəm ki, AFFA rəhbərliyi müzakirə edilən məsələyə ciddi yanaşan, peşəkar münasibət bildirən İcraiyyə Komitəsi üzvünü o qədər də xoşlamır. Bu, Fuad Musayevin vaxtında da belə idi, indi də belədir. Bu mövzunu da ona görə qələmə alıram ki, qarşıdan AFFA-nın hesabat-seçki konfransı gəlir. Konfransda AFFA prezidenti ilə yanaşı İcraiyyə Komitəsinin üzvləri də seçiləcək. İndidən elə etmək lazımdır ki, yeni İcraiyyə Komitəsində mərasim generallarının sayı az olsun. Adətən prezidentlər belə adamları xoşlayırlar. Təzə kostyumunu geyinir, rəngli qalstukunu baglayır, bir az da xarici odekolondan vurub İcraiyyə Komitəsinin iclasına gəlirsən. Yıgıncaqdan əvvəl prezidentlə görüşüb məsləhətləşə bilsən, lap yaxşı, görüşə bilməsən iclas salonunda elə yerdə oturursan ki, o səni görsün. Narahat olma, sənə söz veriləcək, hər məsələnin müzakirəsində adın çəkiləcək. Başqalarına fikir bildirmək üçün iki dəqiqə vaxt veriləndə sənin zamanın məhdudiyyətsiz olacaq. Müzakirəyə çıxarılan məsələdən başqa nədən istəyirsən danış. De ki, şəhərdə tıxac əlindən tərpənmək olmur, işıq yanmır, qaz gəlmir. Sözün qurtaranda lap xatirə də söyləyə bilərsən. Arxayın ol, sözünü kəsməyəcəklər. Danış, danış, axırda da üzünü AFFA prezidentinə tutub de ki, əlahəzrət, sizin irəli sürdüyünüz təklif futbolumuzu inkişafa aparan yeganə düzgün çıxış yoludur. Ehtiyatlı ol ha, birdən "inkişafa" əvəzinə "uçuruma" deyərsən, düşərsən mənim günümə.
1992-ci ildən bəri AFFA İcraiyyə Komitəsinə 87 üzv seçilib. Aralarında generalı da olub, polisi də. Akademiki də olub, elmlər doktoru da. Mənim kimi jurnalisti, tibb işçisi də olub, hakimi də. Desəm ki, İcraiyyə Komitəsi üzvləri arasında futbol mütəxəssislərinə, veteranlara yer tapılmayıb, yalan olar. Onların da bir qismi söz demək, təklif irəli sürmək imkanı qazanıb.
Oturub təhlil aparmışam. Bu qənaətə gəlmişəm ki, potensialına, intellektual səviyyəsinə görə ən güclü İcraiyyə Komitəsi 2003-cü il dekabrın 29-da seçilən 13 nəfərlik heyət olub: Rauf Əliyev, Cahangir Hacıyev, Elşad Nəsirov, Əli Rəsulov, İskəndər Cavadov, Kazbek Tuayev, Natiq Əliyev, Hamlet İsaxanlı, Mirkamil Rəhimov, Yaşar Seyidov, Mübariz Pənahov, Fətulla Hüseynov, Ramiz Mirzəyev. Sonradan Yaşar Seyidovu Hafiz Məmmədov əvəzləyib, Fətulla Hüseynovun əvəzinə isə Yaşar Sultanov seçilib. AFFA İcraiyyə Komitəsinin katibi kimi bu adamların futbolumuzun inkişafı naminə necə can yandırdıqlarının şahidiyəm. Götürün mətbuat materiallarına baxın, 2004-cü ildə İcraiyyə Komitəsinin bütün iclaslarında üzvlərin hamısı iştirak edib. Son iki ilin qərarları isə, ən yaxşı halda, 4-5 nəfər İcraiyyə Komitəsi üzvünün iştrakı ilə qəbul olunub. Ona görə də həmin qərarlar tez-tez dəyişdirilib, peşəkarlıq ruhunu əks etdirməyib. AFFA İcraiyyə Komitəsi üzvlərinin yarıdan çoxunun öz vəzifələrindən azad olunması isə dünya futbolu tarixində analoqu olmayan özbaşınalıqdır. Ən təəccüblüsü isə odur ki, həmin özbaşınalıgın müəllifi bu gün də AFFA-da çalışır.
İcraiyyə Komitəsi AFFA-nın düşünən beynidir. Məsələyə məhz bu cür yanaşmaq lazımdır. Öz şəxsi məqsədlərini ümumi mənafedən üstün tutan bir nəfər, yaxud kiçik bir qrup hamının yerinə düşünəndə, hamının əvəzinə qərar çıxaranda indiki kimi acınacaqlı vəziyyət yaranır. Odur ki, indidən AFFA İcraiyyə Komitəsinin yeni heyətini formalaşdıranlar yerlibazlıq, sədaqət amillərini kənara qoyub peşəkarlıq, qabiliyyət amillərinə üstünlük verməlidirlər. İcraiyyə Komitəsinin hər bir üzvü cavabdeh oldugu sahənin inkişafına görə fərdi məsuliyyət daşımalı və vaxtaşırı hesabat verməlidir.
Ümid edirik ki, AFFA üzvü olan təşkilatlar İcraiyyə Komitəsi üzvlüyünə öz namizədlərini irəli sürərkən bu amilləri nəzərə alacaq, mərasim generallarına yox, peşəkarlara üstünlük verəcəklər.
MƏZAHİR SÜLEYMANZADƏ 
14 noyabr 2007