Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub.
Son oyun günündə "Turan Tovuz" evdə "Qəbələ" ilə üz-üzə gəlib. Tovuz şəhər stadionundakı qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
31-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Piruzi Marakvelidze birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Hesab isə 58-ci dəqiqədə açılıb. Penaltini dəqiq yerinə yetirən İsnik Alimi "qırmızı-qaralar"ı önə keçirib. Görüşdə son nöqtəni isə 63-cü dəqiqədə Rafael Utziq qoyub.
Bu nəticədən sonra "Qəbələ" 3 xalla 3-cü pillədə qərarlaşıb. "Sabah", "Qarabağ", "Zirə" və "Neftçi"də eyni xala malikdir. Xalı olmayan "Turan Tovuz" isə 9-cı sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" evdə "Səbail"i 3:1, "Neftçi" "Şamaxı"da eyniadlı komandanı 1:0, "Sabah" isə evdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.