Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
Turun ilk oyun günüdə "Şamaxı" "Səbail"i qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qarşılaşma meydan sahiblərinin hücumları ilə başlasa da hesabı qonaqlar açıb. 20-ci dəqiqədə Ruslan Hacıyev “Səbail”i irəli çıxarıb. İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə də oyun əvvəlki ssenari üzrə davam edib. Oyunun 71-ci dəqiqəsində Amil Yunanov topu başı ilə uzaq küncə yönəldərək bərabərliyi bərpa edib: 1-1.
Bu nəticədən sonra hər iki komanda yeni mövsümdə ilk xallarını qazanıblar.
Turun digər oyunları avqustun 20-də və 21-də olacaq. Sabah "Neftçi" "Sabah"ın qonağı olacaq. Bir gün sonra isə "Kəpəz" - "Qəbələ" və "Zirə" -"Sumqayıt" oyunları baş tutacaq. Bu turun "Turan Tovuz" - "Qarabağ" matçı isə ikincilərin UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa hazırlaşması səbəbi ilə təxirə salınıb.