Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
Sabah" "Bank Respublika Arena"da "Səbail"i qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Meydan sahibləri cari mövsümdə ilk dəfə xal itiriblər.
Bu nəticədən sonra xallarını 13-ə çatdıran "Sabah" vahid lider olub.
Turun son matçında "Zirə" "Qəbələ"ni qəbul edib. "Dalğa Arena"dakı qarşılaşma nominal meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən qonaqların yarımmüdafiəçisi İsnik Alimi açıb. 10 dəqiqə sonra "qartallar"dan Rəhim Sadıxov tarazlığı bərpa edib. Matçda son nöqtəni də Azərbaycan millisinin üzvü qoyub. 74-cü dəqiqədə fərqlənən yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.
"Zirə" xallarını 7-yə çatdıraraq, 6-cı pilləyə yüksəlib. Ardıcıl 2-ci məğlubiyyətini alan "Qəbələ" isə 9 xalla 4-cü sırada qərarlaşıb.