bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

Qurban Qurbanov: “Meydanı mübarizəsiz tərk etməyəcəyik"

06.09.2022 17:44 Oxundu 431


"Bundesliqanın hazırkı liderinə qarşı oynayacağıq. Bu, futbolçularımız üçün gələcəkdə böyük təcrübə olacaq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frayburq"la UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu üçün Almaniyaya səfər öncəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ilk turun oyunu üçün komandasının istək və həvəsi böyükdür: "Çünki indiyədək qrup mərhələsində iştirak etmək üçün çox əziyyət çəkilib. Əlbəttə, istərdik ki, Çempionlar Liqasının qrup mərhələsində oynayaq. Bundan ötrü oyundan-oyuna qarşımıza hədəf qoyurduq. Lakin alınmadı. Dəfələrlə demişəm ki, qrup mərhələsində oynamaq böyük təcrübədir. Bu, həm də futbolçularımın daha da inkişaf etmələri baxımından sevindiricidir. Rəqiblərimiz nə qədər güclü olsalar da, meydanı mübarizəsiz tərk etməyəcəyik. Oyun gedə-gedə hansısa addımlar, yəqin ki, atılacaq. Rəqibi yaxından tanımaq üçün gərək ona qarşı mübarizə aparasan. Futbolçularımın ən azı yaxşı oyuna hazır olduqlarına inanıram".

Heyətlə bağlı ciddi problemlərinin olmadığını deyən Qurbanov kapitan Maksim Medvedevin durumunu normal dəyərləndirib: "Maksim komanda ilə tam məşqlərə başlayıb. Artıq son məşqlərimizin hamısında iştirak edib. Əsas heyətdə olmaya bilər. Lakin get-gedə komandanın bütün məşqlərinə, yükləmələrinə və oyunlarına hazır olmaqdadır. Ondan zamanı gəldiyində yararlanmağa çalışacağıq".

Qeyd edək ki, sentyabrın 8-də Frayburq şəhərindəki "Europa-Park" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.