bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

Qurban Qurbanov: “Bundesliqa liderini statistikada üstələdik”

09.09.2022 05:05 Oxundu 457

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frayburq"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb:
"Yaxşı mübarizə aparmaq istəyirdik. Rəqibdən çəkinmirdik. İlk 10-15 dəqiqə futbolçularda həyəcan yarandı. Daha sonra düzgün müdaxilələr etdik. Buraxılan ikinci qoldan sonra futbolçularım toparlandı. Qarşıdakı matçlara hazırlaşacağıq. Bacardığımız qədər irəli getməyə çalışacağıq. Rəqib komandanı və baş məşqçini təbrik edirəm".
Baş məşqçi mübahisəli penalti epizodu ilə bağlı danışıb: "Nəsə desək, faydası olmayacaq. İkinci dəqiqədə elə penaltinin verilməsi bizim üçün xoş hal deyil. Amma görüşün sonundakı epizoda baxmamışam. Rəqibin müdafiəçisi qarşılaşmanın sonunda bizim futbolçulara təmiz penalti olduğunu söyləyib. Bəzən kiçik epizodlar bizim kimi komandalara təsir edir. Deyiləcək bir söz yoxdur. İnanırıq ki, qarşıdakı görüşlərdə daha diqqətli olarlar. Bu, bizi ruhdan salmayacaq. Belə oyunlarda futbolçuların təcrübəsi artır. Bəzən qapımızda 3-4 qol görə bilərik. Amma rəqiblərdən çəkinməyəcəyik. Hakimin qərarına isə müdaxilə edə və onu dəyişə bilmərik".
Baş məşqçi "Frayburq"la "Qarabağ"ın gücünün bərabər olmadığını söyləyib: "Səhv etməməyə və oyunumuzu itirməməyə çalışırıq. Mən də istəyirəm ki, gələcəkdə klublarımızın imkanları 10 dəfə artıq olsun. Heyətimizi bu cür rəqiblə müqayisə etmək düzgün deyib. Ümumi götürsək, bu gün futbolçuların sərgilədiyi oyundan razı qaldım".
Qurbanov statistikanın futbolda mühim element olduğunu deyib: "Bu, futbolçunu daha inamlı və cəsarətli edir. Bu gün Bundesliqa liderini statistikada üstələdik. Bunu gözləyirdikmi? Buna yox deməyəcəyəm. İstək və işgüzarlıq olanda hər şey mümkündür. Rəqibi daha üstün sayırdım və qiymətləndirirdim. Amma yenə deyirəm ki, güclü komanda olsa belə, qarşılaşmalara inamla çıxırıq. Bu gün daha istəkli idik deyə statistikada rəqibi üstələməyi bacardıq".