Beynəlxalq Futbol Federasiyasının Apellyasiya Komitəsi Ekvadorun 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılması ilə bağlı müraciəti rədd edib.
Xatırladaq ki, Çili Futbol Assosiasiyası və Peru Futbol Assosiasiyası müdafiəçi Bayron Kastilyonun 2022-ci il dünya çempionatının ilkin seçmə mərhələsində səkkiz seçmə oyununda iştirak etdiyinə görə, FİFA İntizam Komitəsinin Ekvador millisini diskvalifikasiya etməmək qərarından apellyasiya şikayəti vermişdi. Çilililər və perulular 23 yaşlı futbolçunun Ekvadorda deyil, qonşu Kolumbiyada doğulduğuna əmindirlər.
- Bütün tərəflərin arqumentlərini təhlil edib dinləmələr keçirən FİFA Apellyasiya Komitəsi intizam komitəsinin Ekvador Futbol Assosiasiyasına qarşı işə xitam verilməsi barədə qərarını təsdiqləyib. FİFA-dan verilən məlumata görə, komitə digər mülahizələrlə yanaşı, təqdim olunan sənədlər əsasında futbolçunun FİFA qaydalarına uyğun olaraq daimi Ekvador vətəndaşlığının olması əsas hesab edilib.