Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Bu gün keçirilən ilk oyunda "Kəpəz" Qəbələdə "Şamaxı"nı qəbul edib. Görüş Gəncə təmsilçisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Hesabı 5-ci dədiqəqədə qonaqlar açıb. Nihad Quliyev fərqlənib. 47-ci dəqiqədə Əhməd Ayzaya "Kəpəz"in bərabərlik qolunu vurub. 60-cı dəqiqədə isə Abdullahi Şuaybu matçda son nöqtəni qoyub.
Mövsümdə ilk qələbəsini qazanan "Kəpəz" 3 xalla 9-cu pilləyə yüksəlib. 2 xalı olan "Şamaxı" isə sonuncu - 10-cu sıraya geriləyib.
Günün ikinci matçında "Qarabağ" "Zirə"nin qonağı olub.
Qarşılaşma "köhlən atlar"ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı meydan sahibləri açıb. Coşqun Diniyev 34-cü dəqiqədə fərqlənib. Ağdam təmsilçisinin qollarını 44-cü dəqiqədə Toral Bayramov, 56, 60, 79 və 85-cü dəqiqələrdə Musa Qurbanlı, 64-cü dəqiqədə Kadi Borges, 68-ci dəqiqədə isə Ramil Şeydayev vurub.
Musa Qurbanlı cari mövsüm bir matçda 4 qol vuran ilk oyunçu olub.
"Qarabağ" xallarının sayını 18-ə yüksəldərək liderliyi ələ alıb. Xatırladaq ki, ağdamlılarrəqibləri ilə müqayisədə bir oyun az keçirib.