
"Əliyar Ağayevin başçılığı ilə hakimlər briqadası Çempionlar Liqası səviyyəsinə uyğun idarəçilik bacarıqları ilə Azərbaycan futbolunu, hakimlik məktəbimizi çox yaxşı səviyyədə təmsil etdilər".
Bunu beynəlxalq dərəcəli hakim Tahir Süleymanov Çempionlar Liqasının qrup mərhələsinin "Kopenhagen" - "Borussiya" oyununa təyinat alan FİFA referisi Əliyar Ağayevin idarəçiliyi haqqında danışarkən deyib.
"Hakim idarəçiliyi adına qarşılaşma çox əlverişli idi. Hər iki ölkə klubları tarixən ədalətli oyun prinsipinə üstünlük verirlər. Tribunaları dolduran yerli azarkeşlər çılğınlıqları ilə seçilsələr də, obyektiv yanaşmaları ilə diqqəti cəlb edirlər. Bu amillər, ideal futbol şəraiti hakimlik baxımından mühüm rol oynayır. Alman futbolu öz yerində, danimarkalılar da tarixən dinamik, sürətli oyuna üstünlük verirlər. Qarşılaşma bunu bir daha göstərdi. Əliyar Ağayev matça psixoloji, fiziki olaraq çox yaxşı hazırlaşmışdı, Çempionlar Liqasının qrupunda debütü hiss edilmirdi. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə referimiz tempi aşağı salmır, cəsarətlə oyun üstünlüyü prinsipindən dəfələrlə istifadə edirdi. Bu, Əliyarın özünəinamının, matça hazır olmasının göstəricisi idi. Oyunu oxuyurdu, epizodlara yaxın olurdu, göstərilən sarı vərəqələr yerində idi. Futbolçularla ünsiyyəti təqdirəlayiq olmaqla yanaşı, oyunçular da referini meydanda qəbul edirdilər. Əliyar Ağayevin köməkçiləri ilə vizual, sinxron əlaqəsi mükəmmələ yaxın idi. Oyunda referi ilə birgə əsas yük Zeynal Zeynalov yarımeydanına, cinahına düşürdü və 2-3 epizodda yardımçı hakimimiz obyektiv, qətiyyətli qərarlarıyla Əliyara zamanında kömək etdi. Görüş ərzində bəzi xırda məqamlar oldu, bu da təbiidir, istənilən matçda oyunun axarına təsir etməyən belə anlar yaşana bilir", - "Report" bildirir.