18.10.2023 14:58
428
Rusiya Futbol İttifaqı (RFİ) 17 yaşadək futbolçular arasında Rusiya komandalarının təşkilatın turnirlərində iştirakı ilə bağlı UEFA ilə əməkdaşlığı davam etdirir.
"Cempion.az" xəbər verir ki, bunu RFİ-nin baş katibi Maksim Mitrofanov TASS-a açıqlamasında deyib.
“Qərarın dəqiq vaxtını bilmirik. Bununla belə deyə bilərik ki, UEFA yeniyetmələrimizin iştirakına icazə verməyə hazır olduğunu bildirib və administrasiyaya bu qərarın icrası üçün praktiki mexanizm tapmağı tapşırıb. Bunun son İcraiyyə Komitəsində müzakirə edilməməsinə baxmayaraq razılıq qüvvədə qalır. Biz UEFA ilə əməkdaşlıqda səylərimizi davam etdiririk. Baxmayaraq ki, bu, çətin və mürəkkəb iş tələb edir”, - deyə Mitrofanov bildirib.
Xatırladaq ki, sentyabrın sonunda UEFA İcraiyyə Komitəsi 17 yaşadək futbolçulardan ibarət Rusiya yığmalarının öz yarışlarında iştirakına icazə versə də, oktyabrın 10-da bu məsələ Rusiya komandalarının iştirakına imkan verən texniki həllin olmaması səbəbindən növbəti İcraiyyə Komitəsinin gündəliyindən çıxarılıb.