Kosovoya qalib gələ bilərikmi?
Millətlər Liqasının startından əvvəl qrupumuzun favoriti sayıldığımız halda, startdan sonra Kosovanı qovmaq məburiyyətində qalmışıq. Malta ilə oyunda itirilən xallar milli komandamızı "qovucu" mövqeyinə itələyib. Bakıda keçirdiyimiz son oyunda gözümüz burda, qulağmız Malta- Kosovo oyunun keçirildiyi Valettada idi. Oradan həsrətlə Kosovanın xal itirəcəyi xəbərini gözləyirdik. Amma olmadı. "Qovucu" mövqeyimizi dəyişə bilmədik.
Keçək son oyuna...
Futbol azarkeşləri Qurban Qurbanovun yetirmələrindən Farer Adaları ilə qarşılaşmada qələbə gözləyirdi. 4-2-3-1 taktiki sxemi komandamızın hücuma meyilli oynayacağından xəbər verirdi. İlk dəqiqələrdən irəli atılan millimiz daha çox standart vəziyyətlərdən təhlükə yaradırdı. Bunlardan birində Arazın zərbəsini qapıçı qaytardı, digərində isə Dmitri Nazarovun vurduğu top rəqibə dəyərək istiqamətini dəyişdi və tora daxil oldu.
Qonaqların Torsvollurdakı oyunla müqayisədə zəif çıxış etməsi bizim daha çox hücum etməyimizə şərait yaradırdı. Lakin hücumlar qapıya zərbə ilə tamalanmırdı. Nəticədə 90 dəqiqə ərzində rəqip qapısına doğru cəmi 4 zərbə vuruldu. Halbuki milli komandamız oyun boyu 17 künc zərbəsi yerinə yetirdi.
İlk hissənin ən yadda qalan epizodu son günlərin tənqid hədəfi olan Mahir Mədətovun möhtəşəm qolu oldu.
İkinci hissə də eyni ssenari ilə davam etdi. Əks-hücumlar zamanı qeyri-dəqiqlik, oyunçular arasındakı müəyyən anlaşılmazlıqlar top itkisi ilə nəticələnirdi. Cinah müdafiəçilərinin hücuma qoşulduqları zaman cərimə meydançasına doğru etdikləri ötürmələr ya dədiq olmur, ya da rəqib futbolçulara tuş gəlirdi.
Bəlkə də iki məcburi dəyişiklik Qurban Qurbanovun oyuna istədiyi kimi müdaxilə etməsinin qarşısını aldı. Ancaq Rüfət Dadaşovun əvəzlənməsi doğru idimi? Daha yorğun görünən oyunçuları əvəzləmək doğru olmazdımı? Bunlar bizim üçün cavabsız qalan suallardır.
Qarşılaşmada futbolçuların düzgün mövqe seçimi, verilən tapşırığa uyğun davranması səhvlərin sayını minimuma endirdi. Malta ilə matçda hücumdakı problemlər bu dəfə də qismən nəzərə çarpırdı.
Günün sualı
Bu oyunla komandamız Kosovoya qalib gələ bilərmi? Bizim nəinki Valettada, hətta Bakıda belə qalib gələ bilmədiyimz Maltanı Kosova həm evdə (3-1), həm də səfərdə (5-0) məğlub edib.
Oyunun ən yaxşıları
Bədavi, Almeyda, Nazarov və Araz oyundan qopmadı. Qoldan əlavə, Mahir Mədətovun bu dəfə digər matçlardan fərqli olaraq daha çox komada ilə oynaması, ötürmələr verməsini diqqət çəkən məqam kimi qeyd etmək olar.
Oyunun hadisəsi
Oyunun hadisəsi stadion seçiminin yanlış olmasıdır. Bu cür oyunlarda komandaya azarkeş dəstəyi lazımdır. 65 minlik stadionda 25-30 min nəfər effektli olmur. Gec də olsa qarşıdakı oyunlar üçün bu nəzərə alınmalıdır.
Yekun
Şərait və maddi cəhətdən Azərbaycan milli komandasından aşağı səviyyədə olan ölkələr baxımlı oyunla uğurlu nəticələr əldə edirlər. Misal üçün qapıbir qonşumuz Gürcüstan. Azarkeşlər də millimizin öz səviyyəsində olan komandalarla oyunda uğur qazanmasını istəyirlər. Bu istək hər bir Azərbaycan vətəndaşının təbii haqqıdır. Futbolda uğursuzluqların qaçılmaz olduğu aydın məsələdir. Həmin anda belə baxımlı oyun azarkeşin təsəllisidir. Unutmaq olmaz ki, kiçik hədiyyələr bəzən böyük xoşbəxtliklər gətirir.
Oxundu: 4710