çərşənbə axşamı, 26 noyabr 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Mahir müəmması

17.01.2022 17:14

Sosial şəbəkələrdə Mahir Emrelinin “Başakşəhir” komandasına keçdiyi barədə xəbərlər dolaşır. Klubun rəsmi saytına baxıram, bu barədə heç nə yoxdur. Deməli, qız evində toydur, oğlan evinin xəbəri yoxdur.  
Digər tərəfdən, "od olmayan yerdən tüstü çıxmaz" deyimini xatırlayıram.

Bəlkə də sabah bu xəbərlər təsdiqini tapacaq. Amma bütün hallarda Mahir itirməklə məşğuldur.

Mahiri 10 yaşından tanıyıram. O vaxt düşünürdüm ki, sahibi olsa yaxşı futbolçu olacaq. Hazırda da Mahiri yaxşı futbolçu sayıram, amma hesab edirəm ki, doğru yolda deyil.

Futbolçu ömrü çox qısadır. Bu qısa ömürdə vaxt itirmək olmaz. Hətta özündən asılı olmayan vaxt itkiləri belə (məsələn, zədələnmələr)  futbolçunun karyerasında ciddi izlər buraxır. Vaxt itkiləri bilərəkdən olanda isə onu intihara cəhd kimi də dəyərləndirmək olar.  Mahirin indiki durumu intihar cəhdinə oxşayır.

Qəzetçilik karyeramda kimisə tənqid etmək üçün ikinci şəxsə müraciət formasında monoloq variantından istifadə etməmişəm. Belə hesab etmişəm ki, müraciət etdiyin şəxsin sənə anında cavab vermək imkanı yoxdursa, bunu etməməlisən.

Amma indi adətimin əksinə getmək məcburiyyətindəyəm.

Çünki vaxt gedir, Mahir də də, futbolumuz da, azarkeşlər də itirir. Ona görə bu, seytnot vəziyyətində Mahirə müraciətlə monoloq deməliyəm.
Azarkeş səni söyə də, lap döyə də bilər. Bunu əsas tutub klubun düşərgəsini tərk etmək nə deməkdir? Sənin peşəkarlığın lazımı səviyyədə olmasa da, futbolun içində olduğundan çox gözəl bilməlisən ki, müqavilə şərtlərini yerinə yetirməmək nə deməkdir.

Sənin müqaviləndə "Azarkeşlər məni təhqir etsə, komandanı tərk edəcəm" maddəsi varmı? Yoxdursa, “Legiya”nın məşq ritmini, komandanın hazırlıq proqramını pozmağını nə ilə əsaslandıracaqsan? Sən başa düşmürsən ki, "Legiya" bu işə ciddi yanaşsa, sənin karyeranı məhv edər?

Sən müqaviləni bir tərəfli qaydada poza bilərsən. Amma bunun bədəlinin nə olduğunu dəqiq hesablamalısan. Ya sən "Legiya"nın tələb etdiyi təzminatı ödəməlisən, ya da orda qalıb ən yaxşı halda əvəzedici heyətdə oynamalısan.

Aydındır ki, təzminat ödəmək istəmirsən. İstəsəydin, məsələni dekabrın sonlarında yoluna qoyub başqa komandaya keçərdin. Hazırda Əli aşından da məhrumsan, Vəli aşından da. Nə mənsub olduğun komandanın məşqlərinə qatılırsan, nə də başqa komandaya keçə bilirsən.

Bütün futbolçular mövsümün növbəti hissənə hazır olmaq üçün ciddi cəhdlə məşq etdiyi halda, sən yaratdığın problemin əsirinə çevrilmisən. İndi futbolsuz qalmısan. Bunun nə qədər davam edəcəyini heç kim bilmir. Hər keçən gün səni geri aparır. Hələ nə qədər geri gedəcəyin də bəlli deyil. Yenidən meydançaya qayıdanda isə artıq həmin Mahir olmayacaqsan.
Bunu başa düşmək o qədər çətindir? Sən özün özünə zərbə vurduğunun fərqində deyilsən?

Qayıdaq “Başakşəhir” məsələsinə. Deyək ki, yazılanlar doğrudur, “Başakşəhir” səni transfer edəcək. Bunun üçün öncə “Lügiya” ilə problemini həll etməlisən. Bu problem qaldıqca, “Başakşəhir” istəsə belə, səni transfer edə bilməz.

Tutaq ki, bu problemi də həll etdin və “Başakşəhir”ə keşidin alındı. Bəs sonra?

Türkiyəli azarkeşlərin daha aqressiv olduğundan xəbərin varmı? Birdən onlar da sənə qarşı polyaklar kimi rəftar etsə, nə edəcəksən?

Ordan da qaçacaqsan?

Oxundu: 713