bazar ertəsi, 25 noyabr 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

“Şamaxı” quyusuna “Keşlə” suyu

14.03.2022 15:01

Dədə-babalarımızın çoxlu hikmətli sözləri var. Həmin sözlər illərin, qərinələrin sınağından çıxıb, rüşvətsiz-filansaız halal passport alıb, “vətəndaşlıq” qazanıblar. O ifadələrdən biri də “Quyuya su tökməklə, quyuda su olmaz, gərək su quyunun özündən çıxsın" hikmətidir.

AFFA-nın 5-6 ədəd su quyusu var. Bu quyularda su yoxdur. Kənardan nə qədər su gətirib töksələr də quyuda su qalmır. İndi də “Şamaxı” quyusuna “Keşlə” suyu tökürlər.

Mətbuat tez-tez Azərbaycan çempionatını haqlı olaraq Bakı çempionatı kimi təqdim edir, buna görə AFFA-nı tənqid edir. AFFA isə neçə illlərdir bu tənqidlərdən yaxa qurtara bilmir. Əyalətdə futbolun inkişafını təmin edə bilmir, bacarmır.

Azərbaycan Premyer-Liqası sanki oyuncaqdır, Liqanın elementlərini futbol topu kimi ora-bura vururlar. İndi də çempionatın ortasında liqanın bir komandasını yerindən-yurdundan qovurlar. Qovurlar ki, futbolda kütləvilik görüntüsü yaratsınlar.

Bir əmrlə bir komandanın adını da dəyişmək olar, yerini də. Amma bir əmrlə futbolun coğrafiyasını genişləndirmək mümkün deyil. Coğrafiyanı genişləndirmək üçün illərlə tər tökülməlidir. AFFA-nın futbol üçün tər tökdüyünü görmüsünüzmü?

Rayonlara turist səfərinə çıxmaq, orada topçiləmə yarışları keçirmək, 10 yaşlı uşağa 20-30 yaşlı idmançının formalarını vermək, futbol topu paylamaq tər tökməkdir?

Kimi aldadırıq?

“Şamaxı” quyusuna “Keşlə” suyu tökməklə şamaxılıların susuzluğunu yatızdırmaq mümkün olacaqmı? Bəlkə də şamaxılı “Keşlə”nin oyunlarını izləməyə gələn azarkeşlərin sayı bakılı “Keşlə”nin azarkeşlərinin sayından çox olacaq. Bundan başqa Azərbaycan futbolunun qazancı nə olacaq? Şamaxıda azarkeşlərin stadionu doldurmasını futbolun inkişaf göstəricisi saymaq olarmı?

“Keşlə”nin adını və yerini dəyişməklə Azərbaycan futbolu nə qazanır? Əlbəttə ki, bir əyalətdə futbola marağın arta biləcəyini iddia etmək olar. Bu, müsbət haldır. Bəs bu qərarı verənlər onun gətirə biləcəyi problemlər barədə düşünüblərmi? İnanmıram.

Komanda yoxsa klub?

Deyək ki, “Keşlə”nin futbolçularını bir avtobusa yığıb göndərdik Şamaxıya. Bununla iş bitmir axı. Çünki, “Keşlə” komanda deyil, klubdur. Bu klubun “Keşlə-2” komandası var. Onu da “Şamaxı-2” eləmək lazımdır. U-17 və U-19 komandalarının taleyi necə olacaq?

“Keşlə”nin U-10-dən U-16-ya qədər 7 komandası var ki, həmin komandaların üzvləri Bakı məktəblilərdir. İndi bu uşaqlar köçüb Şamaxıda oxumalıdırlar, yoxsa futbolla vidalaşmalıdırlar?

Tutaq ki, bir əmrlə uşaq komandalarını “Keşlə” və ya başqa bir ad altında Bakıda saxladılar. Bəs onda “Şamaxı” Premyer-Liqada necə çıxış edəcək? Axı uşaq komandaları olmayan klublara Premyer Liqada çıxış etməyə AFFA özü icazə vermir.

“Şamaxı” komanda olacaq, yoxsa klub?

Oyunçular

Bu gün şamaxılı “Keşlə”nin bütün oyunçuları Bakının “Keşlə” klubu ilə müqavilə bağlayan futbolçulardırr. Onların Şamaxıya getməkdən imtina etmək hüquqları var. Doğrudur, AFFA-nın kəraməti üzündən ölkədə cəmi 8 klub olduğundan oyunçuların “Şamaxı”dan imtina etməsi ehtimalı sıfra bərabərdir. Amma qərarı verərkən bu hal götür-qoy edilməli idi. Birdən futbolçular “Şamaxı”ya getməkdən imtina etsə necə olacaq? Deməli, bu qərarı verənlər futbolçuların da hüququnu pozublar.

Son

“Keşlə”nin “Şamaxı”laşdırılmasının gətirdiyi problemlər bununla bitmir. Klubda çalışan bütün əməkdaşların Bakı sakinləri olmasınıə nəzərə alsaq onların da problemlərlə qarşılaşacağını demək olar.

Bütün bunları göz önünə gətirəndə bir klubun bir rayondan başqa bir rayona köçürülməsinin futbolun inkişafına müsbət təsir edəcəyini söyləmək çətindir. Rayonda futbolu inkişaf etdirmək üçün orada futbolun təməlini atıb peşəkar komanda formalaşmasına qədər uzun bir yol keçmək lazımdır.

Başqa yol seçmək susuz quyuya su tökməkdən başqa bir şey deyil.

Oxundu: 711