bazar, 24 noyabr 2024

Yazarlar

ÜRFAN MƏMMƏDLİ

Dost

14.05.2022 13:15

Ötən günə gün çatmaz, calasan günü günə!
Xatirələrin ümidinə qaldıq.
Onunla "Səhər"in redaksiyasında 1992-ci ildə tanış olmuşdum. Redaksiyalarımız qonşu idi. Çətinliyim olan kimi yanına qaçırdım. O da tez-tez bizim redaksiyaya gəlirdi. Beləcə dostlaşdıq. Yaşlarımız arasındakı 7 illik fərq dostluğumuza mane olmadı.
Məzahir Süleymanzadə…
İndi onun haqqındada keçmiş zamanda danışmaq məcburiyyətindəyəm. Bu, çox ağırdır.
2006-cı ildə dostluğumuza əməkdaşlıq da əlavə olundu. "Sabahın Ulduzları" çempionatının təşkilatçısı kimi idman jurnalistlərini başına toplamışdı. Həmin görüşdən sonra xahiş etdim ki, "Çempion" üçün həftədə bir dəfə guşə yazısı yazsın. Razılaşdı. İki ilə yaxın bizim guşə yazarımız oldu. Təmənnasız… Bu müddətdə bir dəfə də olsun yazısını gecikdirmədi. Özü həmişə deyirdi ki, çapa verməzdən yazını oxu, birdən səhv olsa, düzəlt. Mən də yazıları həvəslə oxuyurdum, amma nöqtə-vergülünə toxunmadan çapa verirdim.
Hər dəfə çapdan sonra zəng edib mənə təşəkkürünü bildirərdi. Cavabında mən də deyərdim ki, Məzahir müəllim, bu təşəkkür nəyə lazımdır, biz fəxr edirik ki, sizin kimi bir jurnalist bizim qəzetimizdə guşə yazısı yazır. O da etiraz edirdi, deyirdi ki, mənə yazmaq imkanı vermisiniz, bu ehtiyacımı ödəyənə təşəkkür etməliyəm.
Bir dəfə necə oldusa yazısının sərlövhəsini dəyişdim. Həmin qəzetin çapından sonra "Sabahın ulduzları"nın növbəti turunda bir yerdə idik. ("Sabahın ulduzları" çempionatının oyunlarında həmişə bir yerdə olurduq). Yazının çapına görə yenə təşəkkür etdi. Artıq alışmışdım, sadəcə "dəyməz" dedim. Başqa mövzulara keçdik. Handan-hana Məzahir müəllim yenidən yazı haqqında söhbətə qayıtdı. Dedi ki, deyəsən, bu yazı xoşuna gəlməyib. Soruşdum ki, niyə belə fikirləşirsiniz? Dedi ki, yazının başlığını dəyişmisən.  
(Bütün redaksiyalarda olduğunu deyə bilmərəm,  bizim redaksiyada belə bir yazılmamış qayda var idi: Guşə yazısı müəllifin muxtariyyət zolağıdır, toxunulmazdır.  Redaktor yazını redaktə edə bilməz, bir sözünü belə dəyişmək istəsə müəllifin razılığını almalıdır. Amma güşə yazısını çapa verib-verməmək də redaktorun səlahiyyətindədir).
Dedim, Məzahir müəllim, mən yazını oxuyanda gecə yarıdan keçmişdi, ona görə sizi narahat etmək istəmədim. Dedi ki, çox uğurlu sərlövhə tapmısan, amma mənim bir prinsipimi pozmusan: mənim guşə yazılarımın sərlövhəsi indiyə qədər həmişə bir sözdən ibarət olub, sən 2 sözlü sərlövhə seçmisən. İndi sənin sayəndə guşə yazılarımda bir istisna yarandı.
Üzr istədim, o məsələyə heç diqqət etmədiyimi bildirdim. Dedi ki, narahat olma, seçdiyin sərlövhə mənimkindən geri qalsaydı, xətrimə dəyərdi. Dəyişmisən, yaxşı eləmisən. Dost dosta nə gündə lazımdır? Hər adama dost deyilməz, dost həyatına istisna gətirəndə dost olur.
Məzahir müəllimlə belə xatirələrimiz çoxdur. Hətta öz kitabında mənim haqqımda yazı da yazıb.
Düşünəndə ki, Məzahir müəllim bir daha zəng etməyəcək, "səsini eşidib, yüngülləşdim deməyəcək", indi onu təkcə xatirələrlə xatırlamalı olacam, dünyam qaralır.
22 dekabr Məzahir müəllimin ailəsində əlamətdar gündür. Özünün dediyinə görə həmin gün ailənin 4 üzvünün doğum günüdür: anasının, özünün, kiçik qardaşı Tahirin və… (dördüncünü unutmuşam). Hər il 22 dekabrda öncə özünə, sonra Tahir müəllimə zəng edib təbrik edirdim. Bu il 70 illik yubileyini təbrik etməli idim. Edə bilməyəcəm…
Hər şey keçmişdə qaldı…
Amma mütləq şirinli-acılı xatirələrimizi yada salıb səninlə söhbət edəcəm, Məzahir müəllim!
Qismət olsa! 
P.S.
Bu yazının sərlövhəsini əvəzolunmaz dostumun prinsipinə uyğun seçməyi özümə borc bildim.
P.P.S. Tahir müəllim yazını oxuyandan sonra informasiyanı dolğunlaşdırıb: Ailənin 22 dekabrda doğulmuş 4-cü üzvü Məzahir müəllimin oğlu Samirdir.

Oxundu: 1023