Hakimin qərarı və yozumu
Dünən keçirilən “Qarabağ”-“Sumqayıt” oyunun 15-ci dəqiqəsində baş vermiş qayda pozuntusuna hakim Əlyar Ağayevin verdiyi qərar sosial şəbəkədə böyük müzakirəyə səbəb olub. Rəy bildirənlərin əksəriyyəti hakimin səhv qərər verdiyini iddia edib. Deyilənə görə, Əliyar Ağayev hətta VAR otağdan gələn siqnalı da nəzərə almayıb və qayda pozuntusu törətmiş Ozobiçi meydandan qovmaq əvəzinə, onu sarı kartla cəzalandırmaqla kifayətlənib. Maraqlıdır ki, bu iddiada olan müzakirə işirakçılarının heç biri hakimin qərarını qaydalarla əsaslandırmyıb, öz baxışları ilə qiymətləndiriblər.
Bəs epizod necə qiymətləndirilirməlidir? Həmin epzodda hakim səhv edibmi?
Biz hazırkı vəziyyətdə hakimin qərarının düzgün olub-olmadığını iddia etmirik. Qərarın verilmə proseduruna diqqət çəkmək istəyirik. Məsələ burasındadır ki, futbol qaydalarında cərimə zərbəsinə səbəb olan cəmi 10 qüsurlu hərəkət kateqoriyası var. Onlardan 7-də (bəzi mənbələrdə 6-sında) qayda pozuntusunun səviyyəsini müəyyən etmək hakimin ixtiyarına verilir. Hakim qayda pozuntusunun səviyyəsini öz yozumu ilə müəyyən edərək qərar verir.
Qaydalarda yozuma ehtiyacı olan qayda pozuntusu 7 cür təsnif olunur:
- Oyunçu rəqibi ayaqla vurur və ya buna cəhd edir,
- Oyunçu rəqibə badalaq qoyur və ya buna cəhd edir,
- Oyunçu rəqibinin üzərinə sıçrayır,
- Oyunçu rəqibinə həmlə (hucüm) edir,
- Oyunçu rəqibi əllə vurur və ya buna cəhd edir
- Oyunçu rəqibi itələyir
- Oyunçu sürüşmə fəndini düzgün yerinə yetirmir
Gəlin ilk bəndə nəzər salaq: oyunçu rəqibi ayaqla vurur və ya buna cəhd edir.
Göründüyü kimi, bu, bir neçə kəlmə ilə ifadə olunmuş qaydadır. Ayaqla rəqibi 1000 cür vurmaq olar: Ayaqla ayağa da, qarına da, başa da zərbə vurmaq olar. Bu da son deyil. Ayağın pəncəsinə, dabanına, baldırına, şitlə qorunan hissəsinə, qorunmayan hissəsinə ayağın pəncəsi ilə, altı (ayaqqabının şipi) ilə və s. zərbə vurula bilər.
Bu cür zərbələrin endirilmə səvviyyəsi və məqsədi var. Bunları müəyyən etmək üçün qaydalar qayda pozuntularının səviyyəsini 3 qismə bölür:
1. Ehtiyatsiz hərəkətlə qaydaların pozulması,
2. Düşüncəsiz hərəkətlə qaydaların pozulması,
3. Həddən artıq güc tətbiq etməklə qaydaların pozulması.
Qaydanın hansı qismdə pozulmasını müəyyən etmək isə hakimin ixtiyarına buraxılır. Hakim qayda pozuntusunun səviyyəsini öz qənaətinə görə müəyyən edir, bu, heç bir kitabda yazılmayıb. Hakim ani vaxtda qayda pozuntusunu qaydalarda yazılan 3 qismdən hansına aid olduğunu qətiləşdirib qərar verir.
Qaydalarda isə cəza növləri qəti göstərilib:
1. Ehtiyatsız hərəkətlə qaydanı pozmaq yalnız cərimə zərbəsi ilə cəzalandırılır.
2. Düşüncəsiz hərəkətlə qayda pozmaq cərimə zərbəsi və sarı kartla cəzalandırılır.
3. Həddindən artıq güc tətbiq etməklə qayda pozmaq isə cərimə zərbəsi və qırmızı kartla cəzalandırılır.
Eyni bir epizodu dünyanın ən yaxşı 2 hakimi müxtəlif cür yoza bilər. Bu yozumlara görə o hakimlərin heç birinə "pis hakimdir" demək olmaz. Çünki onlar qaydaların onlara verdiyi müstəsna yozum hüququndan istifadə edərək qərar verirlər. Məhz bu yozum qabiliyyətinə görə hakimin səviyyəsi müəyyən olunur. Qaydalarda yazılan bəndləri biz hamımız əzbərləyə bilərik. Amma həmin o əzbərlədiklərimizi meydançada necə tətbiq etmək məsələsi var ki, onu biz hamımız bacara bilmirik. Ona görə də hamımız hakim ola bilmirik.
Bəzi qayda pozuntuları var ki, orda yozuma yer yoxdur. Məsələn, futbolçu rəqibə tüpürübsə, bu halda hakimin yozmuna ehtiyac qalmır. Bu birmənalı şəkildə qırmızı vərəqədir. Bunu qaydalar diqtə edir.
Qayıdaq haqqında söhbət gedən epizoda. Həmin epizodda Ozobiç ayaqla rəqibə zərbə endirir. Qaydanı pozur. Deməli, cərimə zərbəsi təyin olunmalıdır. Hakim Əliyar Ağayev bunu edir. Bura qədər fikir ayrılığımız yoxdur.
İndi keçirik qayda pozuntusunun səviyyəsinə. Məncə, ehtiyatsız hərəkət deyil. (Bu mənim yozumumdur. Başqa birisi bu qayda pozuntusunu "ehtiyatsız hərəkət" kimi də qiymətəndirə bilər). Deməli, təkcə cərimə zərbəsi təyin etməklə kifayətlənmək olmaz. İntizam sanksiyasına (kart göstərməyə) ehtiyac var. Bəs hansı intizam sanksiyası tətbiq edilməlidir? Bu artıq hakimin yozum qabiliyyətidir. Əliyar Ağayev bu epizodu "düşüncəsiz hərəkət" kimi yozaraq qaydanı pozan oyunçuya sarı kart göstərib.
Səhv edibmi?
Bu suala birmənalı cavab vermək çox çətindir. Hakim bu epizodda hansı incəlikləri görüb, hansıları nəzərə alıb, biz bilmirik. Ozobiç rəqibin ayağını qıramaqmı istəyirdi, yoxsa heç düşünmədi ki, bu hərəkət rəqibin ayağını qıra bilər? Bu nüansları hakim özünün qənaəti ilə qətiləşdirib qərar verir.
Hansısa hakim, Əlyar Ağayevdən fərqli olaraq, bu epizodu 3-cü qism kimi yozub oyunçunu meydanşadan qova da bilərdi. Onun da qərarının birmənalı olaraq düzgün və ya səhv olduğunu iddia etmək jurnalist və ya sosial şəbəkə istifadəçilərinin işi deyil.
Ən düzgün cavabı ən yüksək səviyyəli mütəxəssislər verə bilərlər.
Bizim qənaətimiz: Bu epizod üçün hakimin verdiyi qərar qaydalara tam uyğundur.
Bəs hakimin yozumu?
Yozumu qiymətləndirmək üçün isə qaydalarda meyarlar müəyənləşdirilməyib.
Oxundu: 1131