cümə, 22 noyabr 2024

Yazarlar

TAHİR SÜLEYMANOV

"Yeni layihə" xəstəliyi

11.10.2023 15:38


Hər bir ölkə çempionatının səviyyəsi avrokuboklarda cəm halında çıxışların fərdi və orta göstəricisi ilə ölçülür. Necə ki, ümumi ballar sonda komandaların iştirakçı sayına bölünür, buna uyğun ölkələr üzrə klubların UEFA reytinq cədvəli müəyyənləşir.

Premyer Liqada birinci dövrə başa çatsa da, belə davam edəcəyi halda, artıq növbəti ildə Avropaya vəsiqə qazanacaq komandaların necə çıxış edəcəkləri böyük ölçüdə bəllidir.
Nə qədər deyilsə ki, çempionatın səviyyəsi qalxıb, ümumi mənzərə, 3-5 legionerin gətirilməsi hesabına komandalar arasında orta güc balansı yaranıb, hər biri bir-birindən xal almaq iqtidarındadır.
Mübarizənin nisbi artımı keyfiyyət göstəricisi sayılmamalıdır. Komandaların əksəriyyəti, büdcələrindən asılı olmayaraq, yuxarı-aşağı eyni gücə sahibdir və bu potensialla Avropada heç bir işıq üzü görünmür. Nə qədər pozitiv yanaşmaq istənilsə də, reallıq bundan ibarətdir.
De Byazi şikayətlənir, komandalarda legionerlər çıxış edir, təcrübə toplasalar, inkişaf etsələr də, yerli futbolçu keyfiyyəti aşağıdır. İtalyan mütəxəssis ahıl yaşında "təcrübə" toplaya-toplaya, "inkişaf" edə-edə dediyi fikirləri kimə ünvanlayır? Legioner limitini göylərə qaldıran AFFA-ya, yoxsa futbolçu yetişdirə bilməyən klublara? Bir-birinə bağlı olan məsələdə ox atılır, yay gizlədilir...
Legioner limiti qaldırılırsa, klublar futbolçu yetişdirməklə yanaşı avrokuboklarda uğurlu çıxış etməlidir. Məntiq bunu deyir. Əksi baş verirsə, deməli, atılan addımlar kökündən yanlışdır və tək klublarda yox, ümumi ölkə futbolunda strateji xətt doğru deyil. AFFA-da nə vaxtsa doğru-dürüst ideoloji-strateji planlaşdırma olub ki?!
1-2 sponsoru olan klublarla birgə, komandalar dövlətdən ayrılan vəsaitlə sandığın ağzını açıb, hər 3-5 aydanbir bir dəstə futbolçu gətirilir, köhnələr yola salınır... Və "karusel" hər dəfə təkrarlanır. Heç kim heç nə itirmir, dövlətin/xalqın puludur, qazanan qazanır, itirən ölkə futbolu olur. Azərbaycan futbolunda ehtiyatda 300-500 min dollar(!) müqaviləsi olan legioner futbolçular əyləşir.
Uşaq futbolu? Hamı imdad edir, futbolçu yoxdur. Niyə yoxduru deyən yoxdur və ya deyən azdır. Cani de Byazi bilmir ki, "elit" layihələrdə elitar futbolçular yetiş(diril)ir? Məlumatlı deyilsə, növbəti AFFA Icraiyyə Komitəsinin toplantısında sorğu-suala çəkiləndə, soruşar...
Federasiyanın illərdi apardığı başaldatma "layihə" epidemiyasına klublar da qoşulub. Futboldan xəbəri olmayanların hamısı "yeni layihə" xəstəliyinə yoluxub. Böyük futbolu bilmədən futbol layihələrini necə ərsəyə gətirmək olar?! Əsas "vaxtdır", o da ki, AFFA ideoloqlarında tükənməzdir.
Çempionatda hədəfi olan klublar da var, hədəfdən, məsuliyyətdən qaçanlar da, məqsədi, məramı olmayanlar da. Əsas birinci dövrənin sona çatması və vaxtlı-vaxtında dövlətdən vəsaitin gəlməsidir. Növbəti ilin iyun/iyul aylarına, avrokuboklarda çıxışlara çox var hələ...
O vaxta kimi AFFA-da böyük-böyük seçki konfransı da keçiriləcək, prezident, viçe-prezidentlər, İcraiyyə Komitəsi üzvləri, baş katib də seçiləcək, təyin ediləcək, Canni de Byazi də olmayacaq və yeni həvəslə yenidən yeni-yeni "layihələr" üzərində şıdırğı iş başlayacaq.
Hələ ki, böyük əksəriyyət özünü, futbola gətirilən dost-tanışını, olmayan futbolda gələcək karyeralarını, "yanmamağı" düşünür.
Azərbaycan futboluna canı yananlar, futbolun özü kimi yansa da, uşaq futbolu, ümumiyyətlə, futbol olmasa da olar. Birinci dövrədə bir yerli ad, yeni parlayan sima, istedadlı futbolçu üzə çıxmadığı kimi...

Oxundu: 993