Səbəb Avropa şövnizmidirmi?
“Qarabağ” Avropa Liqasında Almaniyanın “Bayer” komandasına uduzaraq mübarizəni dayandırdı.
Sosial şəbəkələrdə əksəriyyət bu məğlubiyyətdə Elvinə qırmızı kart göstərdiyinə görə hakimi günahlandırır, onu şovinizmdə ittiham edir.
Elvin oyunda qalsaydı, “Qarabağ” mərhələni adlayacaqdımı?
Bəli, bu futboldur, burada gözlənilməz nəticələr olur. Bəlkə də, azlıqda qalmasaydı, “Qarabağ” oynu qələbə ilə başa vura biərdi. O halda bu gün Avropa, bəlkə bütün dünya “Qarabağ”dan danışacaqdı. Niyə? Çünki bu, bir sensasiya sayılacaqdı.
Adətən, sensasiya haqqında çox danışılır.
Sensasiya olmadı. Ona görə də dünya miqyasında bu oyun haqqında danışan, demək olar ki, yoxdur. Varsa da, onlar “Bayer”in niyə belə çətin qələbə qazanmasından danışır.
Oyundan əvvəl, dilimizə gətirmək istəməsək də, çoxumuz “Bayer”i fovarit sayırdıq. “Qarabağ”ın mərhələ adlamasını çox istəyirdik, amma qəlbimizin dəriliyində bunun mümkünsüz olduğunu qəbul etmişdik.
Düşündüyümüz oldu. Bəs indi niyə günahkar axtarırıq? Günahkarı niyə Avropada axtarırıq?
Əlbəttə, “Qarabağ”ın uduzmasının səbəbi və günahkarı var. Biz onları araşdırmalı, səbəbi tapmalı, onu aradan qaldırmalı, günahkarın təqsiri subyektivdirsə, cəzalandırmalıyıq ki, bu, bir də təkrar olunmasın.
Qayıdaq oyuna. Oyun boyu hakimin ciddi səhv etdiyini düşünmürəm. Gələk Elvinin qırmızı kart aldığı epizoda. Elvin həmin epizodda rəqibi könəyndən çəkdi, tez də buraxdı. Bu müdaxilə rəqibin müvazinətini itirməsinə kifayət etdi. Hamımız qəbul edirik ki, Elvin qaydanı pozmuşdu. Buna görə hakim cərimə zərbəsi təyin etdi və perspektivli hücumun qarşısını aldığına görə futbolçumuza sarı kart göstərdi. VAR hakimləri isə bu qayda pozuntusunu perspektivli hücumun qarşısının alınması kimi yox, rəqibi aşkar qol imkanınından məhrum etmə kimi dəyərləndirdilər. Monitora baxan baş hakim köməkçilərinin qənaəti ilə razılaşıb qərarını dəyişdi. Mən burada heç bir qərəz görmürəm. Qərəz olsaydı, elə əvvəldən baş hakim qırmızı kart göstərərdi. VAR hakim qərəzli olsaydı, bu epizoddan bir qədər əvvəl cərimə meydançasında, elə həmin Elvinin rəqibin ayağna toxunuşunu penalti kimi dəyərləndirərdi.
“Qarabağ” məğlub oldu. Amma hər kəs ona təşəkkür ünvanlayır, bu məğlubiyyətdə onu günahkar saymır.
Günahkar “Qarabağ” deyil.
Günahkar Qurban Qurbanov da deyil.
Günahkar oyunçular da deyil.
Bu məsələdə çoxumuz yekdilik. Bəs günahkar kimdir?
Gəlin “Bayer”lə keçirilən hər iki oyuna eyni prizmadan baxmağa çalışaq. Hər iki oyunda “Qarabağ” 2 top fərqi ilə irəli çıxsa da, bu uğuru qoruyub saxlaya bilmədi. Hər iki oyunda rəqib oyuna əlavə olunmuş dəqiqələrdə qollar vuraraq nəticəni öz xeyrinə dəyişdi. “Braqa” ilə oyunlarda da oxşar ssenari ilə qarşılaşdıq. Həmin oyunlarda da son dəqiqədələrdə rəqibin güclü təzyiqi altında nəfəsimiz kəsilirdi. Hətta Juninyonun, Benzianın, Toralın əzələləri “artıq bacarmıram” siqnalları verməyə başladı. Halbuki, həm “Braqa”, həm də “Bayer”lə oyunlarda 75-80 dəqiqə rəqiblərlərlə başabaş mübarizə aparırdıq. Deməli, Azərbaycanın ən güclü komandası olan "Qarabağ" Avropa miqyaslı oyunlarda təklif olunan oyun tempinə sona qədər tab gətirə bilmir.
Bu, artıq "Qarabağ"ın günahı deyil, bizim çempionatın səviyyəsinin Avropa ilə ayaqlaşmadığının göstəricisidir. Qurban Qurbanov nə qədər səy göstərsə də, oyunçular nə qədər can qoysalar da bu çatışmazlığı aradan qaldırmaq mümkün deyil. Çünki Azərbaycan çempionatın səviyyəsini qaldırmaq "Qarabağ"ın, Qurbanovun işi deyil. “Qarabağ” Avropda 75-80 dəqiqəyə kifayət edən enerji ilə Azərbaycan çempionatında 26 oyunda ən yaxın rəqibini 24 xal qabaqlayırsa, hansı rəqabətlə fiziki gücünü artıra bilər?
“Qarabağ” artıq 10 ildir ki, mövsüm ərzidə Avropa miqyaslı yarışlarda 12-14 oyun keçirir. Bu da Azərbaycan çempionatında keçirilən oyunların 1/3-dən çoxdur. Məhz Avropa oyunlarında qazanılmış ustalıq və vərdişlərin hesabına “Qarabağ” “Bayer” kimi komandaya qarşı 75-80 dəqiqə başabaş mübarizə apara bilir. Azərbaycan çempionatında “Qarabağ” kimi 4-5 komanda olmayana qədər biz məlubiyyətlərin səbəbini və günahkarını Avropa şövnizmində, hakim qərəzində axtaracağıq.
Artıq “Qarabağ” 3-4 ay yalnız Azərbaycan çempionatına köklənmək məcburiyyətində qalacaq. Çox güman ki, indi Qurban Qurbanovu dünənki məğlubiyyətdən çox, komandanı növbəti Avrokubok mövsümünə qədər hazırkı səviyyəsində necə saxlayacağı düşündürür.
Oxundu: 327